Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Far.Az xəbər saytı

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

Oxşar xəbərlər

İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər