Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib


Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

İclası giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edərək, Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni tərkibinin seçilməsindən ötən dövr ərzində qurum tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış etmək üçün sözü federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərova verib.

Sahib Ələkbərov bildirib ki, 2025-ci ilin mayından etibarən federasiyasının yeni rəhbərliyi onun qarşısında qoyulmuş əsas vəzifənin – ölkədə velosiped idmanının COVİD-19-dan əvvəlki səviyyəsinin bərpa olunmasına yönəldib. Bu məqsədlə İcraiyyə Komitəsinin 4 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında təsdiq edilmiş Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-2028-ci illər üçün İnkişaf Strategiyasının əsas istiqamətlərinə uyğun olaraq federasiyanın maddi-texniki bazası bərpa edilib, trekin baxımsızlıq üzündən dağılmış beton örtüyü, tamaşaçılar üçün nəzərdə tutulmuş tribuna, velotrekdəki mini-futbol meydançası, qazanxana, federasiyanın balansında olan avtomobillərin istifadəsi mümkün olan hissəsi təmir olunaraq işlək vəziyyətə gətirilib.

Federasiyanın birinci vitse-prezidenti hesabat dövründə təşkil olunan yarışlar və beynəlxalq tədbirlər barədə də danışıb. O, Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə təşkil olunduğunu, yarışın həm təşkilati baxımdan, həm də beynəlxalq idman ictimaiyyətində yaratdığı müsbət təəssüratlarla diqqət çəkdiyini vurğulayıb və bildirib ki, yarış Azərbaycanın velosiped idmanı sahəsində beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, ölkənin idman potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verib.

Sahib Ələkbərov qarşıdakı dövrdə federasiyanın əsas prioritetləri sırasında regionlarda fəaliyyətin daha da gücləndirilməsi, uşaq və yeniyetmələrin velosiped idmanına marağının artırılması, yeni bölmələrin yaradılması və beynəlxalq yarışlarda idmançıların rəqabət qabiliyyətinin yüksəldilməsinin yer aldığını bildirib.

Yeni velosipedlər və yarışların təşkili üçün zəruri olan avadanlıqlar, "Baku– Khankendi Azerbaijan Cycling Race" adı altında keçirilən 2.1 səviyyəli beynəlxalq velosiped yarışı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınıb və cari ilin 10-14 may tarixlərində böyük uğurla keçirilib. Yarışda iştirak edən komandalara təqdim olunmaq üçün 25 ədəd yeni avtomobil və digər avadanlıqlar alınıb.

Bütün dünyada böyük rəğbətlə qarşılanmış, 20 ölkədən 24 komandanın iştirak etdiyi, marşrutları ölkəmizin 21 şəhər və rayonunun ərazilərindən keçən, dünyanın 190 ölkəsində 19 dildə canlı olaraq "Eurosport" kanalı vasitəsilə yayımlanan, on milyonlarla insanın izlədiyi bu beş günlük yarış ölkəmizin gözəlliklərinin, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinin bütün dünyaya çatdırılmasında müstəsna rol oynayıb.

"Eurosport" kanalının rəsmi hesabatına əsasən yarışın təkcə reklam videoçarxını izləyənlərin sayı 20 milyondan çox olub. "Eurosport", "Euronews" və "CBC Sport" kanallarında əlavə verilişlər təşkil edilib.

Yarış günlərində federasiyanın instaqram səhifəsinə daxilolma sayı ilk dəfə olaraq 2 milyonu keçib ki, onlarında da xeyli hissəsi yarışda iştirak etmiş komandaların təmsil etdikləri ölkələrin payına düşüb.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov öz çıxışında bildirib ki, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin fəaliyyəti canlandırılıb, ölkənin 18 şəhər və rayonunda hazırda 500-dən çox uşağın məşğul olduğu 22 velosiped bölməsi yaradılıb, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həmin bölmələrə rəhbərlik edəcək peşəkar məşqçilər seçilərək onlar üçün təlimlər təşkil edilib. Bu bölmələr, habelə Gəncə, Mingəçevir, Lənkəran, Xankəndi Universitetləri, Zəngilan rayon məktəbləri və digər orta ümuntəhsil məktəblərində velosiped idmanı ilə məşğul olan idmançılara 900-dan çox velosiped və qoruyucu dəbilqə təqdim edilib.

İcraiyyə Komitəsinin iclasında Əli Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsinə təsdiq edilib. İclasda "Təhlükəsiz mühitin və idmançıların təhlükəsizliyinin təminatı qaydaları" da təsdiq olunub.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər