Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Far.Az xəbər saytı

Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib


Şəki Xan sarayını 2026-cı ilin ilk 9 ayında 178 minə yaxın turist ziyarət edib. Onlardan 128 mini bilet alaraq saraya daxil olub, təxminən 50 min nəfər isə ödənişsiz giriş əldə edib.

Far.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Şəkiyə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bilet alaraq Xan sarayını ziyarət edənlərin 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib. Ağabəyli bildirib ki, bu rəqəmlər bütövlükdə Şəkiyə gələn turistlərin deyil, yalnız Xan sarayına ödənişli giriş edənlərin statistikasını əks etdirir.

Qoruq ərazisində tarixi abidələrin bərpası və yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyində bərpa və təmir-tərtibat işləri yekunlaşıb. Muzeydə 3 mindən çox eksponat mövcuddur və onların təxminən 2 mini ziyarətçilərə nümayiş etdirilir.

Bundan başqa, Şəki şəbəkə emalatxanasında bərpa işləri başa çatdırılıb və məkan muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında sənətkarların fəaliyyəti üçün şərait yaradılıb. Şəbəkə ustası Tofiq Rəsulov və onun tələbələri də burada çalışırlar.

Ağabəyli qeyd edib ki, qoruq ərazisində digər turizm məkanlarının yaradılması və tarixi tikililərin bərpası da davam edir. XVIII–XIX əsrlərə aid barıt anbarı kimi tanınan binada sənətkarlıq emalatxanası yaradılıb. Hazırda memarlıq muzeyinin yaradılması, Kiş kəndində tarixi məscidin və Şəkidə tarixi hamamların bərpası istiqamətində işlər aparılır. Qala divarlarının yaxınlığındakı döşəmə hissəsinin də yenilənərək turistlərin istifadəsinə verilməsi planlaşdırılır.

Qoruqların bərpası prosesinin nəzərdə tutulan müddətdən uzun çəkməsinə münasibət bildirən Mərkəzin İdarə Heyətinin sədri bunun əsas səbəblərindən birinin iş zamanı yeni problemlərin üzə çıxması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bərpa işləri zamanı abidələrin ilkin vəziyyətində görünməyən məqamlar aşkar edilə bilər. Buna görə də işlərin müddəti uzanır. Bununla belə, əsas məqsəd bərpa prosesini sürətləndirməklə yanaşı, bütün qaydalara və prinsiplərə riayət etməkdir.

Ağabəyli yerli mütəxəssislərin sayının azlığının da çətinlik yaratdığını bildirib. O qeyd edib ki, ənənəvi sənətkarlıq nümunələrinin bərpasında həmin sənətin tarixi xüsusiyyətlərini bilən yerli ustaların iştirakı vacibdir.

Sədrin sözlərinə görə, bəzi sənət növləri nəsildən-nəslə ötürüldüyündən onların incəlikləri ustaların təcrübəsində və yaddaşında qorunub saxlanılır. Bu səbəbdən tarixi abidələrin bərpasında müvafiq regionun sənətkarlarına üstünlük verilir.

Oxşar xəbərlər

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər