Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir?
Far.Az xəbər saytı

Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir?


Məktəblərdə vahid geyim qaydaları ətrafında müzakirələr davam edir. Qərardan sonra yaranan fikir ayrılıqları bəzi hallarda məktəblərin qarşısında gərginliyə, şagirdlərin dərslərdən yayınmasına və təhsil müəssisələrinin əmlakına ziyan vurulmasına səbəb olub. Bəs baş verənlər şagirdlərə və müəllimlərə necə təsir edir?

Baku TV-nin məlumatına görə, bəzi məktəblərdə tədris prosesi adi qaydada davam edir. Zəng çalınır, şagirdlər siniflərə daxil olur, müəllimlər dərslərini keçir. Şagirdlər təhsillərini davam etdirir, valideynlər isə övladlarının təhlükəsizliyindən əmin olmaq istəyirlər.

Şagirdlərdən biri məktəbli formasının onda müsbət təəssürat yaratdığını bildirib. Onun sözlərinə görə, forma həm rahatlıq yaradır, həm də məktəbin ümumi görünüşünə uyğun gəlir.

Digər şagird isə vahid geyim qaydasının uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısını aldığını düşünür. 11-ci sinif şagirdi qeyd edib ki, məktəbli forması geyimə görə şagirdlər arasında ayrı-seçkiliyin yaranmasına mane olur və hər kəsin eyni qaydalara əməl etməsi vacibdir.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim forması, müəllimlər üçün isə işgüzar geyim tələbləri müəyyən edilib. Qaydalarda hicab ayrıca qeyd olunmasa da, geyim və əlavə elementlərin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olması nəzərdə tutulur.

Müəllimlər də geyim məsələsinin tədris prosesinə təsirini şərh ediblər. Onlardan biri müəllim geyiminin sadə, rahat və klassik üslubda olmasının vacibliyini vurğulayıb. Digər müəllim isə əlavə aksesuarların şagirdlərin diqqətini dərsdən yayındıra biləcəyini bildirib.

Mövzu ətrafında müzakirələrin sosial şəbəkələrdə yayılması məsələnin xarici informasiya resurslarının da diqqətini çəkməsinə səbəb olub. Bəzi mənbələr baş verənləri dini etiqad azadlığı kontekstində təqdim edirlər.

Dini etiqad azadlığı ilə dünyəvi təhsil prinsipləri ətrafında fikir ayrılıqlarının olması müzakirələri qaçılmaz etsə də, etirazların tədris prosesinə və məktəblərin təhlükəsizliyinə mənfi təsir göstərməsi narahatlıq doğurur.

Əsas məsələ isə məktəb mühitində hər bir şagirdin özünü təhlükəsiz hiss etməsi, bərabər imkanlara malik olması və təhsil hüququnun qorunmasıdır.

Oxşar xəbərlər

Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər