Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Far.Az xəbər saytı

Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb


Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisi açılıb.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Cəbrayıl Quliyev, Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanovun əsərləri təqdim olunur. Sərgi noyabrın 21-dək davam edəcək.

Layihə bitki aləminin metaforası vasitəsilə miqrasiya, assimilyasiya və yeni vətən axtarışı mövzularını araşdırır. Dünyanın müxtəlif guşələrindən gətirilən bitkilərin yeni iqlimə uyğunlaşaraq nəbatat bağının ekosisteminə daxil olması insanların yad mühitdə özlərinə yer tapması ilə müqayisə edilir.

Sərginin konsepsiyasına görə, müharibələr, ticarət, sevgi, təhlükəsizlik və yeni imkanlar axtarışı insanları doğma yerlərini tərk etməyə sövq edib. Yeni mühitdə insanlar da bitkilər kimi uyğunlaşmaq, kimliklərini qorumaq və ətraf aləmlə münasibət qurmaq zərurəti ilə üzləşirlər.

"Torpaq" tamaşaçıları vətən və mənsubiyyət anlayışları, yad torpaqda kök salmağın mümkünlüyü, eləcə də insanın yeni mühitə uyğunlaşarkən nələri qoruyub saxladığı barədə düşünməyə dəvət edir.

Sərgi çərçivəsində tematik görüşlər də keçiriləcək. Oktyabrın 31-də saat 14:00-da Nərgiz Ramizqızı nano-tur, noyabrın 7-də Emin Mathers foto-tur, noyabrın 14-də isə Ramil Əliyev botanika turu təşkil edəcək. Proqram noyabrın 21-də saat 14:00-da Cəbrayıl Quliyevlə görüş və sərginin finissajı ilə başa çatacaq.

Qeyd edək ki, sərgiyə giriş sərbəstdir. Bakı Mərkəzi Nəbatat Bağının ərazisinə giriş haqqı 2 manatdır.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər