"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etdiyi qarşıdurmanın təfərrüatlarını açıqlayıb.
O, 1999–2000-ci illərdə başlayan mübahisənin 2005-ci il parlament seçkiləri zamanı daha ciddi xarakter aldığını, hətta həyatının təhlükə altında olduğunu düşündüyünü bildirib.
Far.Az xəbər verir ki, X.Hidayətqızı bu barədə sosial şəbəkə hesabında geniş paylaşım edib.
Jurnalist qeyd edib ki, bəzi məqamları ictimaiyyətə açıqlamaq üçün uzun müddət gözləyib. Onun sözlərinə görə, Ramiz Mehdiyev barəsində məhkəmə qərarı çıxarıldıqdan sonra yaşadıqlarını danışmağın vaxtı çatıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyevə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq olunub, əmlaklarının isə xüsusi müsadirəsinə qərar verilib.
Qəzetin bağlanması üçün təklif edilən 20 min dollar
X.Hidayətqızının sözlərinə görə, Ramiz Mehdiyevlə ilk ciddi qarşıdurması 1999–2000-ci illərdə baş verib. Həmin vaxt rəhbərlik etdiyi qəzetdə Mehdiyevin himayə etdiyini iddia etdiyi şəxslərdən biri ilə müsahibə dərc olunub.
Jurnalist bildirib ki, Mehdiyev ondan müsahibənin həqiqi olmadığını, guya redaksiya tərəfindən uydurulduğunu deməyi tələb edib. O, bu tələblə razılaşmadıqda axşam saatlarında ofisinə nazir köməkçisinin gəldiyini və müsahibənin qəzet əməkdaşı tərəfindən yazıldığını söyləməsi müqabilində ona birotaqlı mənzil təklif edildiyini iddia edib.
X.Hidayətqızı təklifi qəbul etmədiyini, ertəsi gün isə o zamankı mətbuat naziri Siruz Təbrizli tərəfindən nazirliyə çağırıldığını bildirib.
Onun sözlərinə görə, əvvəlcə sərt danışıq aparılıb, daha sonra qəzetin bağlanması müqabilində yeni ad altında başqa nəşrin yaradılması, kompüterlər və 20 min dollar təklif olunub.
Jurnalist bu təklifdən də imtina etdiyini, nəticədə məhkəmə çəkişməsinin başladığını qeyd edib. Uzun sürən mübarizədən sonra məhkəmədə qalib gəldiyini bildirən X.Hidayətqızı həmin dövrdə nazirliyin qarşısında qələm sındırmaq aksiyasına qədər getdiklərini xatırladıb.
"Ramiz Mehdiyev istəyir ki, Bəxtiyar Sadıqov seçilsin"
X.Hidayətqızının açıqlamasında diqqət çəkən məqamlardan biri də 2005-ci il parlament seçkiləri ilə bağlıdır.
Jurnalist həmin il 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdüyünü və seçicilərlə birbaşa ünsiyyət qurmağa əsaslanan kampaniya apardığını deyib. O, Ağdamın kəndlərini gəzdiyini, evlərdə sakinlərlə görüşdüyünü və insanların etimadını qazanmağa çalışdığını bildirib.
Onun iddiasına görə, bir müddət sonra Ağdamın o zamankı icra başçısı Həsən Sarıyev onu yanına çağıraraq namizədliyini həmin dairədən geri götürməsini istəyib.
X.Hidayətqızı bildirib ki, Sarıyev ona Ramiz Mehdiyevin Bəxtiyar Sadıqovun deputat seçilməsini istədiyini deyib.
Jurnalistin sözlərinə görə, o, seçkidə kimin qalib gələcəyinə seçicilərin qərar verməli olduğunu söyləyərək bu tələbi rədd edib.
X.Hidayətqızı həmçinin iddia edib ki, Həsən Sarıyev ona Aqil Abbasın namizəd olduğu dairəyə keçməyi təklif edib və bu halda seçilməsinə kömək göstəriləcəyini bildirib. Jurnalist həmin vaxta qədər Aqil Abbasla namizədliklərini irəli sürməzdən əvvəl görüşərək dairələrini razılaşdırdıqlarını deyərək təklifi qəbul etməyib.
Beləliklə, onun sözlərinə görə, namizədliyini geri götürməkdən imtina etməsi qarşıdurmanın açıq mərhələyə keçməsinə səbəb olub.
Kəndlərə getməsinə maneələr yaradıldığını deyir
X.Hidayətqızı iddia edib ki, seçki kampaniyası dövründə onun Ağdamın Qaradağlı, Sarıcalı və Əfətli kəndlərində seçicilərlə görüşməsinə maneələr yaradılıb.
Jurnalistin sözlərinə görə, Həsən Sarıyev həmin kəndlərə niyə getdiyini soruşduqda o, orada yaşayan insanların da seçiciləri olduğunu bildirib. Buna cavab olaraq isə Sarıyevin həmin kəndlərdə yaşayanların əvvəlki prezident seçkilərində seçki qutularını yandırdıqlarını dediyini iddia edib.
X.Hidayətqızı paylaşımında həmin hadisələrin də Sarıyev və Mehdiyevin iştirak etdiyi siyasi planın tərkib hissəsi olduğunu düşündüyünü bildirib.
O, İctimai Televiziyadakı çıxışı zamanı həmin kəndlərin sakinlərinin Prezidentə münasibətindən və ona olan inamlarından danışdığını qeyd edib. Jurnalistin iddiasına görə, bu çıxışdan sonra Ramiz Mehdiyevin ona münasibəti daha da sərtləşib.
X.Hidayətqızı haqqında həqiqətə uyğun olmayan məlumatların yayıldığını, anasının erməni olması barədə şayiələr uydurulduğunu və seçki görüşlərinə əvvəlcədən təlimatlandırılmış qadınların göndərildiyini də iddia edib.
"Məni avtomobil qəzasına salmaq planından xəbər tutdum"
Jurnalistin açıqlamasındakı ən ciddi iddialardan biri isə onun avtomobil qəzasına salınması üçün plan hazırlandığı barədə məlumat əldə etməsi ilə bağlıdır.
X.Hidayətqızı bildirib ki, belə bir təhlükə barədə iki gün əvvəl xəbər tutub. Onun sözlərinə görə, seçki komandasında Həsən Sarıyevin pulla ələ aldığı şəxslərdən biri olub.
Jurnalist həmin şəxsin kimliyini bildiyini, lakin onu komandadan uzaqlaşdırmadığını qeyd edib. O, qəza təhlükəsindən yayınmaq üçün həmin gün gedəcəyi ünvan barədə bu şəxsə yanlış məlumat verdiyini və başqa marşrutla hərəkət etdiyini söyləyib.
X.Hidayətqızı bununla da mümkün təhlükədən xilas olduğunu iddia edib.
Onun sözlərinə görə, Ramiz Mehdiyev seçki kampaniyası zamanı ona qarşı keçirilən müşavirələrdə narazılığını açıq şəkildə ifadə edirmiş. Jurnalist həmin gizli müşavirələrdən birində iştirak edən şəxsin ona mübarizədən çəkilməyi tövsiyə etdiyini də xatırladıb.
Həmin şəxsin gənc olduğunu və həyatını təhlükəyə atmamalı olduğunu söylədiyini bildirən X.Hidayətqızı seçkiyə az vaxt qaldığı üçün mübarizəni davam etdirmək qərarında qaldığını yazıb.
Səsverməyə bir gün qalmış məhkəməyə çağırılıb
X.Hidayətqızının sözlərinə görə, səsverməyə bir gün qalmış onu Bakı Apellyasiya Məhkəməsinə çağırıblar. Buna səbəb kimi şikayətin olduğu göstərilib.
Jurnalist Bakıya qayıtdıqdan sonra məhkəmənin qarşısında çoxlu sayda seçicisini, məhkəmə zalında isə Həsən Sarıyevə yaxın olduğunu iddia etdiyi şəxsləri gördüyünü bildirib.
Onun paylaşımında Eldar adlı şəxslə bağlı epizod da yer alıb. X.Hidayətqızı iddia edib ki, həmin şəxs məhkəmə zalında ona müraciət edərək əvvəlki gecə saat 02:00-da səs vermək müqabilində ondan 15 manat aldığını deyib.
Jurnalist bu hadisənin onu sarsıtdığını, hakimin də çətin vəziyyətdə göründüyünü yazıb. O, heç bir açıqlama vermədən məhkəmə zalını tərk etdiyini və həmin vaxt qərarın əvvəlcədən müəyyənləşdirildiyi qənaətinə gəldiyini bildirib.
X.Hidayətqızı seçkidə namizədliyini irəli sürərkən yaşadıqlarının yalnız bir hissəsini açıqladığını vurğulayıb.
"25 yaşımda qurduğum arzularla 50-ni keçdim"
Jurnalist paylaşımında Ramiz Mehdiyev vəzifədən getdikdən sonra da müəyyən maneələrlə üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, Mehdiyevin rəhbərliyi dövründə işə götürülmüş və hazırda da vəzifədə çalışan bəzi şəxslər jurnalistin adının media ilə bağlı tədbirlərin iştirakçı siyahısına daxil edilməsinə mane olurlar.
X.Hidayətqızı uzun illər Mehdiyevin vəzifədən gedəcəyi günü gözlədiyini, bundan sonra hər şeyin dəyişəcəyinə ümid etdiyini bildirib. Lakin zaman keçdikcə gənclik illərində qurduğu arzuların bir qisminin gerçəkləşmədiyini vurğulayıb.
O, paylaşımında Ramiz Mehdiyevin taleyinin başqalarının həyatına müdaxilə edən, vəzifəsindən və imkanlarından istifadə edərək insanlara təzyiq göstərən şəxslər üçün dərs olmalı olduğunu qeyd edib.
Jurnalistin fikrincə, insanın həyatda qoyduğu ən böyük miras sərvəti və vəzifəsi deyil, təmiz adıdır.
X.Hidayətqızı paylaşımını insanların bir gün etdiklərinin nəticəsi ilə üzləşəcəklərini vurğulamaqla yekunlaşdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













