Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi
Far.Az xəbər saytı

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi


"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Salah (Aqavnavank) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

BAKU.WS xəbər verir ki, kənd çarizm dövründə Salah adlandırılıb.

1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Aqavnavank qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Tavuş vilayətinin tərkibindədir.

Salah kəndi mənbələrdə XIX əsrin ikinci yarısından qeyd edilir. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi
1897-ci ildə kənddə 184, 1907-ci ildə kənddə 39, 1914-cü ildə 64, 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 112 nəfər yaşayıb. 1918-ci ildə Ermənistan Qazax qəzasının dağlıq hissəsinə iddia irəli sürüb. Qəza ərazisinin bir hissəsinin erməni nəzarətinə keçməsinə baxmayaraq, erməni müntəzəm ordusu AXC-nin tərkibində qalan torpaqlarda türk əhalisi olan kəndləri məhv etməyə davam edib.

Erməni mənbələrinə əsasən, kəndin yerləşdiyi Qaraqaya ərazisindəki azərbaycanlı kəndlərinin sakinləri daşnak qüvvələrinə müqavimət göstəriblər, lakin 1920-ci ilin iyun ayında qovulublar. Salahın əhalisi Azərbaycanın Qazax qəzasına qaçıb. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra Qazax qəzasının əvvəllər erməni qüvvələrinin nəzarətinə keçmiş hissəsinin Ermənistan SSR-ə birləşməsi təsbit edilib. Sovet dövründə kənd əvvəl Dilican rayonunun, sonra isə İcevan rayonunun tərkiblərində olub. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-1950-ci illərdə kəndin azərbaycanlı sakinlərinin bir hissəsi Azərbaycan SSR-ə deportasiya olunub. 1950-ci illərdə Salaha Göyərçin adlı qonşu kəndin sakinlərini köçürüblər. 1989-cu ildə kənddə 302 nəfər yaşayıb.

Qeyd edək ki, 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Oxşar xəbərlər

Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Vedi kəndi necə erməniləşdirilib? - "Qərbi Azərbaycanın yaddaş yerləri"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər