Rövşən Cavadov: "ARDNF İtaliyada 402 MVt gücündə günəş enerjisi portfelinə sahibdir"
Far.Az xəbər saytı

Rövşən Cavadov: "ARDNF İtaliyada 402 MVt gücündə günəş enerjisi portfelinə sahibdir"


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyada 402 MVt gücündə günəş enerjisi portfelinə sahibdir.

"Far.Az" xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorun müavini Rövşən Cavadov "Azərbaycan-İtaliya biznes forumu"nda deyib.

Onun sözlərinə görə, Avropanın ən böyük və ən şaxələndirilmiş sənaye bazarlarından biri olan İtaliyanın iqtisadi gücünün formalaşmasında dünya səviyyəli mühəndislik, dizayn və innovasiya ilə seçilən ailə şirkətlərinin özünəməxsus şəbəkəsi mühüm rol oynayır: "Bu şirkətlərin bir çoxu fəaliyyət göstərdikləri sahələrdə qlobal liderlərdir və "Made in Italy" brendinin əsas hərəkətverici qüvvəsini təşkil edirlər. Məhz bu çərçivədə ARDNF FSI və "Azura Capital" ilə tərəfdaşlığı vasitəsilə səhiyyə, rəqəmsal və maliyyə xidmətləri, eləcə də sənaye sahələrində fəaliyyət göstərən İtaliyanın aparıcı yerli şirkətlərini və ailə bizneslərini dəstəkləyir".

O bildirib ki, Fondun İtaliyanın aparıcı özəl şirkətlərindən biri, yüksək sürətli dəmir yolu operatoru olan "Italo"ya da investisiyası mövcuddur: "Bu investisiya vasitəsilə Şimal və Cənubi İtaliyanı birləşdirən, hər il milyonlarla sərnişinə xidmət göstərən nəqliyyat infrastrukturuna dəstək veririk. Bununla yanaşı, Fond İtaliyanın aparıcı müstəqil enerji istehsalçılarından biri olan "Infinity Global" ilə tərəfdaşlıq quraraq, Lazio və Emilia-Romagna regionlarında yerləşən 14 günəş elektrik stansiyasından ibarət portfeldə 49 % pay əldə edib. Ümumi gücü 402 meqavat olan bu portfel təxminən 250 min İtaliya ailəsini bərpa olunan elektrik enerjisi ilə təmin etmək imkanına malikdir".

R.Cavadov qeyd edib ki, bu tərəfdaşlıq bu gün xüsusi əhəmiyyət daşıyır: "Belə ki, Azərbaycan və İtaliya arasında uzun illər ərzində neft və qaz hasilatı və nəqli sahəsində formalaşmış əməkdaşlıq artıq bərpa olunan enerji sahəsini də əhatə edir. ARDNF İtaliyanın dövlət istiqrazlarına və səhmlərinə də etibarlı investor kimi sərmayə yatırır, bununla da ölkənin kapital bazarlarının likvidliyinə və sabitliyinə dəstək verir".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər