Deputat Sumqayıtda yaşayış binalarının istilik sistemləri ilə bağlı məsələ qaldırıb
Far.Az xəbər saytı

Deputat Sumqayıtda yaşayış binalarının istilik sistemləri ilə bağlı məsələ qaldırıb


Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin yenilənməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə deputat Səbinə Salmanova Milli Məclisdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

Deputat bildirib ki, Sumqayıt əhalisinin sayına görə ölkəmizin ikinci ən böyük şəhəridir:

"500 mindən çox əhalisi olan şəhərdə çoxsaylı çoxmənzilli yaşayış binaları mövcuddur və onların bir hissəsində istilik sistemlərinin yenilənməsinə, əsaslı təmirinə və müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac var.

Bu problem xüsusilə payız-qış mövsümündə sakinlərin gündəlik həyatına təsir göstərir. Bir sıra binalarda istilik sistemlərinin köhnəlməsi və texniki vəziyyətinin qənaətbəxş olmaması mənzillərin lazımi səviyyədə qızdırılmasında çətinliklər yaradır".

S.Salmanova hesab edir ki, ilk növbədə, şəhərdə istilik sistemlərinin mövcud vəziyyəti hərtərəfli araşdırılmalı, yenilənməyə ehtiyacı olan binalar müəyyənləşdirilməli və problemin mərhələli həlli üçün konkret tədbirlər planı hazırlanmalıdır:

"Xüsusilə qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, ən problemli binalarda təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir.

Sumqayıtda çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin mərhələli şəkildə yenilənməsi üçün konkret tədbirlərin görülməsini və dövlət büdcəsində bu məqsədlə müvafiq vəsaitin nəzərdə tutulmasını hökumətdən xahiş edirəm".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Səbinə Salmanova: Müasir məktəblər gənclərin inkişafı üçündür
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Sumqayıtda Zəfərin 5-ci ildönümü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər