İRİA Biləsuvarda "Rəqəmsal savadlılıq və kibermaarifləndirmə" təlimləri keçirib
Far.Az xəbər saytı

İRİA Biləsuvarda "Rəqəmsal savadlılıq və kibermaarifləndirmə" təlimləri keçirib


Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda "Rəqəmsal savadlılıq və kibermaarifləndirmə" təlimləri keçirilib.

Təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarığının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir. Təlimlərdə Biləsuvar rayonunda fəaliyyət göstərən, dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib.

Tədbirin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edib və bildirib ki, rəqəmsal keçid yalnız texnoloji yenilənmə deyil, eyni zamanda vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin şəffaflığının, operativliyinin və keyfiyyətinin artırılmasına xidmət edən transformasiya prosesidir. Dövlət qurumlarında rəqəmsal inkişaf prosesinin sürətləndirilməsi, innovativ yanaşmaların tətbiqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi dəyərləndirilib.

Keçirilən təlimdə rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə geniş məlumat təqdim edilib və praktiki tövsiyələr verilib. Eyni zamanda, kibertəhlükəsizlik və məlumatların mühafizəsinə həsr olunmuş təlim sessiyası çərçivəsində sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiber risklərdən qorunması məqsədilə tətbiq olunan alət və əsas prinsiplər iştirakçıların diqqətinə çatdırılıb.

Milli Süni İntellekt Mərkəzinin təqdim etdiyi təlim çərçivəsində iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının "rəqəmsal köməkçisi"nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları ətraflı müzakirə olunub.

İRİA ölkənin bütün regionlarında rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qulluqçularının və vətəndaşların rəqəmsal bacarıqlarının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində biliklərin genişləndirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin davamlı olaraq həyata keçirilməsini planlaşdırır.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər