Bakıda  "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Far.Az xəbər saytı

Bakıda  "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir


Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimi keçirilib.

Far.Az xəbər verir ki, mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir.

Çıxış zamanı Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması sahəsində formalaşdırdığı peşəkar media təcrübəsinə diqqət çəkilərək WUF13 çərçivəsində də media və kommunikasiya fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib,vurğulanıb ki, cari ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması milli memarlıq irsi və şəhərsalma siyasəti ilə bağlı ictimai məlumatlandırma prosesinin daha da intensivləşdirilməsini zəruri edir.

Forumda çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas prioritetlərindəndir, bu baxımdan insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir.

O vurğulayıb ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.

Açılış mərasimində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və"Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər