"Bakı Ağ Şəhər" layihəsi: Sənaye ərazilərinin ekoloji bərpasının uğurlu nümunəsi
Far.Az xəbər saytı

"Bakı Ağ Şəhər" layihəsi: Sənaye ərazilərinin ekoloji bərpasının uğurlu nümunəsi


XXI əsrin geosiyasi və iqtisadi şəraitində şəhərlər yalnız yaşayış məkanı funksiyasından xeyli kənara çıxıb. Onlar artıq dövlətlərin qüdrətini, texnoloji imkanlarını, ekoloji öhdəliklərini və perspektiv planlarını özündə təcəssüm etdirən strateji əhəmiyyətli platformalar rolunu oynayır.

Bu gün dünya "ağıllı şəhər", yaşıl transformasiya və dayanıqlı urbanizasiya modelləri uğrunda yarışdığı bir dövrdə Azərbaycan da öz şəhərsalma konsepsiyası ilə qlobal diqqət mərkəzinə çıxmaqdadır. Xəzərin sahilində yüksələn yeni urbanist məkanlar, işğaldan azad edilmiş ərazilərdə sıfırdan qurulan innovativ yaşayış məntəqələri və ekoloji baxımdan təhlükəli sənaye zonalarının müasir şəhərlərə çevrilməsi ölkənin yeni inkişaf fəlsəfəsinin əsas göstəricilərinə çevrilib.

Bu transformasiyanın təməlində isə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyası dayanır. Məhz onun müəllifi olduğu "Əsrin müqaviləsi" Azərbaycanı qlobal enerji xəritəsinə daxil etməklə yanaşı, ölkəyə milyardlarla dollar investisiya axınının əsasını qoydu. Neft gəlirləri yalnız iqtisadi artım yaratmadı, onlar yeni infrastrukturun, müasir şəhərsalma modelinin və tamamilə fərqli urbanizasiya fəlsəfəsinin formalaşmasına yol açdı. Bakı postsovet məkanının köhnəlmiş sənaye şəhəri obrazından uzaqlaşaraq tədricən Avropa və Yaxın Şərqin müasir memarlıq elementlərini özündə birləşdirən qlobal metropola çevrilməyə başladı.

Lakin bu inkişafın qarşısında onilliklərlə yığılıb qalmış ağır ekoloji miras dayanırdı. Xəzər sahili boyunca uzanan, vaxtilə dünyanın ən iri neft sənayesi mərkəzlərindən biri hesab edilən "Qaraşəhər" təkcə sənaye zonası deyil, həm də ekoloji fəlakət məkanı idi. Burada torpaq qatları neft tullantıları ilə hopmuş, saysız-hesabsız gölməçələr yaranmış, atmosferə yayılan tullantılar Bakının ekoloji balansını ciddi şəkildə pozmuşdu. Sovet dövründə həyata keçirilən qismən yenidənqurma cəhdləri vəziyyəti dəyişə bilməmişdi.

Məhz buna görə qarşıya qeyri-adi dərəcədə mürəkkəb və iddialı bir məqsəd qoyuldu: 221 hektarlıq ağır sənaye ərazisi tamamilə təmizlənməli, burada ekoloji cəhətdən dayanıqlı, rəqəmsal texnologiyalarla idarə olunan, insan mərkəzli yeni şəhər qurulmalı idi. Əslində söhbət yalnız yeni yaşayış massivinin tikintisindən getmirdi, bu, sənaye erasından postindustrial və "yaşıl şəhər" modelinə keçidin simvolu idi.

Şəhərsalmada yeni keyfiyyət standartı

İri sənaye müəssisələrinin mərhələli şəkildə köçürülməsi, milyonlarla ton neftlə çirklənmiş torpağın təmizlənməsi və ərazinin yenidən yaşıllaşdırılması illərlə davam edən nəhəng mühəndislik prosesinə çevrildi. Burada sadəcə binalar tikilmirdi - Bakının gələcək urbanistik siması formalaşdırılırdı. Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 24-də təməli qoyulan "Bakı Ağ Şəhər" layihəsi məhz bu baxımdan Azərbaycanın şəhərsalma tarixində yeni mərhələnin başlanğıcı oldu.

Bir zamanlar neft qoxusu ilə tanınan ərazi bu gün geniş bulvarları, yaşıllıq zolaqları, velosiped yolları, müasir yaşayış məhəllələri və avanqard memarlıq nümunələri ilə seçilən urbanistik məkana çevrilir. Layihənin əsas fərqləndirici cəhəti isə onun yalnız estetik görünüşə deyil, ekoloji dayanıqlılığa əsaslanmasıdır. "Bakı Ağ Şəhər"də inşa edilən yaşayış binalarının əksəriyyəti MDB məkanında ilk dəfə beynəlxalq BREEAM ekoloji sertifikatlaşdırma standartlarına uyğun layihələndirilib. Bu isə enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması və ekoloji risklərin idarə olunması baxımından layihəni qlobal nümunələr sırasına çıxarır.

Ərazi klassik şəhər məntiqindən fərqli olaraq "şəhər içində şəhər" prinsipi ilə formalaşdırılıb. Burada 10 məhəllədən ibarət 6-8 mərtəbəli binalar inşa olunub, yaşayış, biznes, təhsil və istirahət zonaları vahid məkanda bir-birini tamamlayır. İnsanlar gündəlik həyatlarını uzun məsafələr qət etmədən təşkil edə bilir. Məhz bu yanaşma dünyanın aparıcı urbanistlərinin "15 dəqiqəlik şəhər" konsepsiyasına uyğun gəlir.

Dənizlə şəhərin yenidən görüşü

Bakının tarixində Xəzər həmişə şəhərin nəfəsi olub. Lakin sənayeləşmə dövründə sahil xətti tədricən zavod boruları, neft anbarları və texniki qurğuların arxasında itib-batmışdı. "Bakı Ağ Şəhər" layihəsi əslində Bakının Xəzərlə münasibətini yenidən bərpa etdi. İndi burada dəniz sahili boyunca uzanan piyada zonaları, parklar və ictimai məkanlar formalaşdırılır.

Ərazinin beşdə birindən çoxunun park və bağlara ayrılması layihənin ekoloji fəlsəfəsini daha aydın göstərir. Ümumi ərazisi 35 hektarı aşan Mərkəzi park təkcə yaşıllıqlarla örtülmüş zona olmayıb, eyni zamanda şəhərin ictimai və sosial həyatının əsas mərkəzlərindən birinə çevrilib. Parkın ərazisində 19 müxtəlif növə aid 2 100 ağac əkilib, uşaqlar və idmanla məşğul olanlar üçün xüsusi meydançalar salınıb, geniş xiyabanlar formalaşdırılıb, gül tarlaqları yaradılıb, 9 fəvvarə inşa edilib və müxtəlif istirahət guşələri təşkil olunub. Bütün bunlar onu sübut edir ki, müasir şəhərsalma konsepsiyasında artıq əsas diqqət betonun həcminə deyil, insanların rahatlığına və yaşayış keyfiyyətinə yönəlib.

Bu yanaşma beynəlxalq memarlıq dairələrinin də diqqətini çəkib. 2025-ci ildə XIX Venesiya Memarlıq Biennalesi çərçivəsində təqdim olunan "Tarazlıq. Azərbaycan motivləri" pavilyonunda "Bakı Ağ Şəhər" layihəsinin nümayiş etdirilməsi Azərbaycanın şəhərsalma modelinin artıq beynəlxalq urbanistika müzakirələrinin bir hissəsinə çevrildiyini göstərdi.

Rəqəmsallaşma ilə ekoloji uyğunluğun vəhdəti

Azərbaycanın müasir şəhərsalma konsepsiyası artıq yalnız Bakı ilə məhdudlaşmır. Son illər həyata keçirilən layihələr göstərir ki, ölkədə urbanizasiya prosesi yeni binaların və yolların inşası ilə yanaşı, həm də rəqəmsal texnologiyaların, ekoloji yanaşmaların və dayanıqlı inkişaf prinsiplərinin vəhdəti əsasında formalaşdırılır.

Hazırda Azərbaycanda 79 şəhər mövcuddur və son 15 ildə əhalinin təxminən 19 %-lik artımı əsasən iri və böyük şəhərlərdə, xüsusilə də Bakıda qeydə alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablamalarına görə, bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir. Məhz buna görə ölkə üzrə şəhərsalma siyasəti mərhələli şəkildə yenilənir. Artıq 67 şəhərin baş planı hazırlanıb, 12-si isə yekunlaşma mərhələsindədir. Digər yaşayış məntəqələri üzrə sənədlərin işlənməsi davam edir.

Bu prosesdə diqqət çəkən əsas məqam şəhərlərin həm memarlıq baxımından, həm də funksional və ekoloji baxımdan yenidən düşünülməsidir. Müasir urbanistika artıq nəqliyyat, enerji, rəqəmsal idarəetmə və insan rahatlığını bir-birindən ayrı deyil, vahid sistem kimi nəzərdən keçirir.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri isə Azərbaycanın yeni şəhərsalma fəlsəfəsinin ən parlaq nümunəsinə çevrilib. Bu bölgələrdə məqsəd sadəcə dağıdılmış yaşayış məntəqələrinin bərpası yox, gələcəyin şəhər və kənd modelləri qurulur - "ağıllı", dayanıqlı və ekoloji cəhətdən balanslaşdırılmış yaşayış məkanları yaradılır.

Bu baxımdan Ağalı kəndi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ilk "ağıllı kənd" modeli hesab olunan Ağalı ənənəvi kənd anlayışına tamamilə yeni məzmun qazandırır. Burada alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, enerji effektiv evlər və "yaşıl texnologiyalar" vahid konsepsiya şəklində birləşdirilib. Kənd sanki gələcəyin yaşayış modelinin bu gündən qurulmuş prototipidir.

Ağalıda enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında yerləşdirilən 325 kVt gücündə günəş panelləri alternativ enerjidən istifadənin miqyasını daha da genişləndirir. Evlərdə tətbiq olunan kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar enerji sərfiyyatını minimuma endirir. Xüsusi izolyasiya materialları istilik itkisini azaldaraq həm ekoloji, həm də iqtisadi səmərəlilik yaradır.

Kənddə ekoloji yanaşma yalnız enerji ilə məhdudlaşmır. Çirkab suların bioloji üsulla təmizlənməsi nəticəsində ildə 41 min kubmetr texniki suyun yenidən istifadəsi mümkün olur. Bu isə su ehtiyatlarından səmərəli istifadə baxımından mühüm göstəricidir.

Rəqəmsal infrastruktura gəldikdə isə Ağalı artıq klassik kənd modelindən xeyli uzaqdır. Burada yüksək sürətli GPON internet şəbəkəsi fəaliyyət göstərir. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz edilmiş çoxfunksiyalı işıq dirəkləri vahid rəqəmsal idarəetmə mühiti formalaşdırır. Gördüyümüz kimi, texnologiya burada gündəlik həyatın idarəedici elementinə çevrilir.

Əslində, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın gələcək şəhərsalma strategiyası üçün bir növ laboratoriya rolunu oynayır. Bu ərazilərdə sınaqdan keçirilən innovativ həllər gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər.

Azərbaycanın urbanistik təcrübəsinin qlobal təqdimatı

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu 13 Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq platformada təqdim etmək üçün mühüm imkan yaradacaq. Dünyanın müxtəlif ölkələrindən gələn urbanistlər, memarlar, investorlar və siyasətçilər Bakının keçdiyi transformasiya yolunu yaxından müşahidə edəcəklər.

Çünki Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil. O, həm də postindustrial transformasiya, ekoloji bərpa və "ağıllı urbanizm" sahəsində öz modelini formalaşdıran dövlətlərdən birinə çevrilir. Bakı isə bu dəyişimin ən parlaq simvoludur - neftdən doğulan, amma gələcəyini "yaşıl şəhər" fəlsəfəsi üzərində quran müasir metropol kimi.

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər