Türkmənistanda Azərbaycan Milli İncəsənət və Milli Xalça muzeylərinin xüsusi sərgisi nümayiş olunub
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin və Milli Xalça Muzeyinin xüsusi sərgisi nümayiş olunub.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, "Azərbaycan milli irsinin inciləri" adlı sərginin açılışında mədəniyyət naziri Adil Kərimli və Türkmənistan mədəniyyət nazirinin müavini Nursahed Şirimov, eləcə də Azərbaycanın Aşqabaddakı Qismət Gözəlov və digər rəsmilər iştirak ediblər.
Sərgi ilə tanış olan rəsmilərə Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova "Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz" adlı stend barədə məlumat verib.
Onun sözlərinə görə, sərgidə Xalq rəssamı Əzim Əzimzadənin 37 əsəri nümayiş etdirilir:
"Əzim Əzimzadə öz əsərlərində xalqımızın adət-ənənələrini, mərasimlərini, bayramlarını, məişətini, interyerlərini və müxtəlif insan tiplərini böyük dəqiqliklə əks etdirib. Bu gün həmin dövrün bədii və tarixi mənzərəsini canlandırmaq istədikdə onun əsərləri ən mühüm mənbələrdən biri kimi çıxış edir".
Direktor bildirib ki, sərgidə rəssamın qrafik əsərləri ilə yanaşı, onun yaradıcılığında təsvir olunan milli dekorativ-tətbiqi sənət nümunələri də nümayiş etdirilir:
"Ekspozisiyada xalçaçılıq, tikməçilik, metal sənəti və milli geyim mədəniyyətimizi əks etdirən eksponatlar yer alıb. Təqdim olunan nümunələr əsasən XIX əsrin sonu - XX əsrin əvvəllərinə aiddir".
Azərbaycan Milli Xalça Muzeyinin fondundan gətirilmiş ənənəvi və müəllif xalçalarına dair stend də qonaqların marağına səbəb olub.
Muzeyin direktoru Əminə Məlikova "Report"a açıqlamasında bildirib ki, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ilk dəfə olaraq muzeyin kolleksiyasından seçilmiş nümunələr Türkmənistanın İncəsənət Muzeyində nümayiş etdirilir.
Onun sözlərinə görə, sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, qurama sənəti nümunələri və Azərbaycan kəlağayıları təqdim olunur:
"Əminik ki, bu kolleksiya ziyarətçilərin böyük marağına səbəb olacaq. Azərbaycan və türkmən xalqları arasında mədəni əlaqələr qədim tarixə malikdir. Belə tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət edir".
Direktor vurğulayıb ki, xalçaçılıq Azərbaycan xalqının həyat tərzinin və mənəvi dünyasının ayrılmaz hissəsidir.
"Xalça bizim üçün sadəcə sənət nümunəsi deyil, bütöv bir fəlsəfədir. Türkmən xalqı üçün də xalça xüsusi əhəmiyyət daşımaqla bərabər, xalqlarımızı bir-birinə yaxınlaşdıran mühüm ortaq dəyərlərdən biridir".
Bununla yanaşı, sərgi çərçivəsində ənənəvi sənətkarlıq nümunələri nümayiş etdirilib, "Müasir modada milli naxışlar" adlı dəb nümayişi də təşkil olunub.
Qeyd edək ki, sərgi iyunun 7-dək açıq olacaq.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













