Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.
Far.Az Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur. Araşdırma çərçivəsində onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması ilə bağlı iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilən elmi istinadların da yoxlanılması gözlənilir.
Kitabların müəllifliyi necə müəyyənləşdirilə bilər?
Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.
Bu zaman müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik və texniki hazırlıq arasındakı fərqlər aydınlaşdırılacaq.
Bu baxımdan ilkin əlyazmaların, mətnlərin müxtəlif variantlarının, nəşriyyat sənədlərinin və redaktə materiallarının mövcudluğu əhəmiyyət daşıya bilər. Əsərlərin hazırlanmasında iştirak etmiş şəxslərin izahatları da müəlliflik məsələsinin aydınlaşdırılmasına kömək edə bilər.
Elmi istinadlar da diqqət mərkəzində olacaq
Məlumata görə, Mehdiyevin əsərlərinə edilmiş istinadların araşdırılması da nəzərdə tutulur. Bu istiqamətdə əsas məsələ istinadların sayını müəyyənləşdirmək deyil, onların elmi mətnlərdə hansı məqsədlə və nə dərəcədə əsaslı şəkildə istifadə olunduğunu qiymətləndirməkdir.
Araşdırma zamanı dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə və elmi məqalələrdə Mehdiyevin əsərlərinə edilən istinadların məzmunu nəzərdən keçiriləcək. Həmin istinadların tədqiqatların elmi əsaslandırılmasına töhfə verib-vermədiyi, yoxsa yalnız formal xarakter daşıdığı ayrıca qiymətləndiriləcək.
Ramiz Mehdiyevin kitablarının hansı universitetlərdə proqrama salındığı yoxlanılacaq
Mehdiyevin adına nəşr edilmiş əsərlərin tədris materialı kimi istifadəsinə yenidən baxılması və tələbələrə təqdim olunan ədəbiyyatın keyfiyyətinin yoxlanılması da nəzərdə tutulur.
Bu mərhələdə hansı kitabların universitetlərin fənn proqramlarında, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında yer aldığının müəyyənləşdirilməsi gözlənilir.
Bundan başqa, Ramiz Mehdiyevin kitablarının bütün kitabxanaların fondlarından çıxarılması da nəzərdə tutulan addımlar sırasındadır. Bu tədbirin onun əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədrisdə istifadəsinə yenidən baxılması ilə yanaşı həyata keçirilməsi gözlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, habelə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2026-cı il tarixli hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəzasının şərti tətbiqinə qərar verilib. Hökmə əsasən, əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi, həmçinin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













