Kür və Araqvinin qovuşduğu yer: "ikinci Yerusəlim" adlandırılan qədim Mtsxetadan REPORTAJ
Far.Az xəbər saytı

Kür və Araqvinin qovuşduğu yer: "ikinci Yerusəlim" adlandırılan qədim Mtsxetadan REPORTAJ


Kür və Araqvi çaylarının qovşağında yerləşən, gürcülərin "ikinci Yerusəlim" adlandırdıqları Mtsxeta Gürcüstanın qədim və müqəddəs şəhərlərindən biridir. Tbilisidən təxminən 20 kilometr məsafədə yerləşən bu şəhər ölkənin dini, mədəni və tarixi mərkəzlərindən sayılır. Mtsxeta eramızın V əsrinə qədər Gürcüstanın (Kartli çarlığının) paytaxtı olub. V əsrdə Vaxtanq Qorqasali paytaxtı Mtsxetadan Tbilisiyə köçürüb.

Gürcüstanın xristianlaşmasının başlanğıc nöqtəsi hesab olunan bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

"Far.Az"un Gürcüstan bürosu bu qədim və mistik şəhərdən xüsusi reportaj hazırlayıb.

Şəhərlə tanışlığa Jvari monastırından başlayırıq. Kür və Araqvi çaylarının qovuşduğu yüksək qayalıq üzərində tikilən bu monastır Gürcüstanın tanınmış dini abidələrindən hesab olunur.

Bələdçimiz Mariya Zurabiani bildirir ki, Jvari monastırı Qafqazın ən qədim məbədlərindən biridir və VII əsrə aid edilir:

"Buradan Araqvi və Kür çaylarının qovuşduğu yerə möhtəşəm mənzərə açılır. Bu mənzərə haqqında Mixail Lermontov "Mtsiri" poemasında da bəhs edib. Həmin əsərdə Jvari gürcü memarlığının ən gözəl nümunələrindən biri kimi təsvir olunur".

Rəvayətlərə görə, Müqəddəs Nino məhz bu ərazidə ilk xaçı ucaldıb. Sonralar burada kiçik kilsə, daha sonra isə bugünkü monastır kompleksi inşa edilib. Əsrlərboyu müxtəlif dağıntılara baxmayaraq, qorunub saxlanılan Jvari monastırı 1994-cü ildə Mtsxeta ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Mtsxeta turistlərin də böyük maraq göstərdiyi şəhərlərdən biridir. Ukraynadan gələn turist Svetlana Adabaş deyir ki, Gürcüstan onları öz qonaqpərvərliyi ilə heyran edib:

"Bu ölkə və burada yaşayan açıqqəlbli insanlarla tanış olduğumuz üçün çox xoşbəxtik. Gürcü dilində kişi və qadın cinsinə görə fərqlənmənin olmaması bizi xüsusilə təəccübləndirdi. Düşünürəm ki, bu xalqın tolerant və mehriban olmasının səbəblərindən biri də budur".

Jvari monastırı və Svetitsxoveli Kafedralı bu gün də xüsusi ənənələrin yaşadıldığı məkanlardandır. Burada evlənən cütlüklərin toy günündə bu müqəddəs məkanları ziyarət etməsi, burada xeyir-dua alması artıq ənənəyə çevrilib. Yeni ailələr burada xatirə şəkilləri çəkdirir, məbədləri ziyarət edirlər. Onların arasında soydaşlarımıza da rast gəlmək olur, bu ənənəni davam etdirərək toy günlərində Mtsxetaya gəlir, xatirə şəkilləri çəkdirirlər.

Monastırın yerləşdiyi ərazi rəssamların da diqqətini çəkir. Rusiyalı rəssam Anastasiya Kopteva deyir ki, burada memarlıq və təbiətin harmoniyası insanı valeh edir:

"Dağların, iki çayın qovuşmasının və qədim memarlığın vəhdəti çox təsirlidir. Burada insan əli ilə yaradılmış gözəlliklə təbiətin yaratdığı gözəllik birləşir".

Mtsxetanın mərkəzində yerləşən Svetitsxoveli Kafedralı isə Gürcüstanın əsas dini mərkəzlərindən sayılır. Əsrlərboyu ölkənin baş xristianlıq məbədi hesab edilən bu kafedral həm turistlərin, həm də zəvvarların ən çox üz tutduğu ünvanlardandır.

Bələdçi Maya Gelaşvili bildirir ki, ilk xristian kilsəsi məhz burada inşa olunub:

"Svetitsxoveli Kafedralı hər bir gürcü üçün ölkənin baş kafedralı hesab olunur. Çünki Müqəddəs Nino Gürcüstanı xaç suyuna çəkdikdən sonra ilk xristian kilsəsi məhz burada inşa edilib. IV əsrdən burada kilsə mövcud olub, lakin hazırkı möhtəşəm kafedral XI əsrə aid tikilidir və artıq min ilə yaxındır ki, mövcuddur. Bu məkanın ilk kilsənin tikintisi üçün seçilməsinin əsas səbəbi isə burada İsa Məsihin xitonunun qorunmasıdır. Xiton - İsa Məsihin geyimi hesab olunur. Rəvayətə görə, bu müqəddəs əmanət Yerusəlimdən gətirilib və onun dəfn edildiyi yerdə Gürcüstan hökmdarı ilk kiçik taxta kilsənin tikilməsinə qərar verib".

"Svetitsxoveli" adı "Həyatverici sütun" kimi tərcümə olunur. Kafedralın tikintisi zamanı möcüzə baş verdiyi deyilir. Rəvayətə görə, çar məbədin damını saxlamaq üçün Livan sidrindən sütunlar hazırlanmasını əmr edib. Ağacdan müqəddəs yağ axmağa başlayıb və insanlar bunu ilahi möcüzə hesab ediblər. Əfsanəyə görə, mələklərin köməyi ilə məbədin tikintisi başa çatdırılıb. İnsanlar həmin sütunun yanında dua etdikdə şəfa tapırmışlar. Buna görə xalq həmin sütunu "Həyatverici sütun" adlandırıb.

Bu gün də məbədin mərkəzində həmin müqəddəs sütun yerləşir və onun qalıqları daş konstruksiya ilə qorunur. Gürcüstanda monarxiya dövründə kralların tacqoyma mərasimləri, patriarx və yepiskopların taxta çıxma mərasimləri, müqəddəs yağın hazırlanması kimi dini mərasimlər məhz bu kafedralda keçirilirdi və bu ənənələrin bir hissəsi bu gün də davam edir. Burada Baqrationi sülaləsindən olan 10 gürcü çarı dəfn olunub. Sülalə bu gün də davam edir və onların burada dəfn olunmaq hüququ qalır.

Gürcülər üçün Mtsxeta "ikinci Yerusəlim" hesab olunur. Çünki burada yalnız İsa Məsihin xitonu deyil, həmçinin "Həyatverici Xaç"ın parçası, Andrey Pervozvannının müqəddəs qalıqları, peyğəmbər İlyasın geyiminin bir hissəsi və digər müqəddəs əmanətlər saxlanılır.

Bu səbəbdən Gürcüstanda belə bir inanc var: əgər insan Yerusəlimə gedə bilmirsə, onun üç dəfə Svetitsxoveli Kafedralını ziyarət etməsi bir dəfə Yerusəlimə getməyə bərabər sayılır. Məhz buna görə də Mtsxeta şəhəri gürcülər üçün "ikinci Yerusəlim" adlandırılır.

Bu arada qeyd edək ki, Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti Müqəddəs Şio III-nün (Mitropolit Şio) taxta çıxma mərasimi də ötən gün - mayın 12-də məhz Svetitsxoveli Kafedralında baş tutub.

Mtsxeta təkcə dini və tarixi şəhər deyil, həm də canlı turizm mərkəzidir. Şəhərin küçələrində çoxsaylı suvenir mağazaları, kafe və restoranlar fəaliyyət göstərir. Yerli sakinlər əsasən turizm və kənd təsərrüfatı ilə məşğul olurlar.

Mtsxeta sakini Nana Berdzenişvili deyir ki, şəhər turistlərin hesabına yaşayır:

"Gürcüstanın qədim paytaxtı Mtsxeta şəhərinə xoş gəlmisiniz. Hazırda turistlərin ən çox gəzdiyi küçələrdən birindəsiniz. Burada suvenirlər, şirniyyatlar və müxtəlif əl işləri əldə edə bilərsiniz. Biz yerli sakinlər burada yaşayır, turistlərə xidmət göstəririk. Aramızda dövlət işində çalışanlar da var, kənd təsərrüfatı ilə məşğul olanlar da. Qonaqları çox sevirik, turistləri hər zaman gülərüz və qonaqpərvərliklə qarşılayırıq".

Bir daha şahid olduq ki, tarixi abidələri, qədim dini irsi və təbiət mənzərələri ilə Mtsxeta Gürcüstanın keçmişi ilə bu gününü birləşdirən nadir şəhərlərdən biridir. Bu şəhər zaman keçsə də, tarixə və mənəvi dəyərlərə olan hörmətini qorumağı bacarıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər