Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO
Far.Az xəbər saytı

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO


Yaxın Şərq regionunda İranla ABŞ və İsrail arasında baş verən hərbi gərginlik turizm axınına da ciddi təsir göstərdi. Hərbi əməliyyatlar ümumilikdə regionun turizm imicinə mənfi təsir etdi. Təhlükəsizlik narahatlıqları, nəqliyyat məhdudiyyətləri və beynəlxalq mediada formalaşan mənfi imic turistlərin səyahət qərarlarına təsir edərək, regiona olan marağın azalmasına səbəb oldu. Səyahət planları quran insanların səfərləri təxirə düşdü - ya ləğv olundu, ya da ertələndi.

Ancaq artıq döyüş əməliyyatları dayanıb və ölkələr öz hava məkanlarını açmağa başlayıblar. "Azərbaycan Hava Yolları" QSC (AZAL) də Təl-Əvivə və Dubaya uçuşları bərpa edir. Turizmçilər bu istiqamətlərə uçuşların bərpasının ölkə turizmində də canlanmaya səbəb olacağı qənaətindədirlər.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

"Süni qiymət təzyiqi aradan qalxacaq"

Turizmçi Azər Hüseynov hesab edir ki, AZAL-ın Təl Əviv və Dubay istiqamətlərinə uçuşları bərpa etməsi ölkə turizminə müsbət təsir göstərəcək: "Yaxın Şərq ölkələri və İsrail Azərbaycan üçün turistlərin prioritet gəlmə bazarları sırasındadır. Son illərin statistikasına əsasən, bu regiondan ölkəmizə gələn turistlərin sayı ümumi turizmdə əhəmiyyətli paya malikdir. Xüsusilə İsrail bazarı yüksək xərcləmə qabiliyyəti ilə seçilir. Uçuşların bərpası ilk növbədə bu bazarlardan gələn turist axınının yenidən artmasına səbəb olacaq. Dubay da tranzit mərkəz və premium turizm bazarı kimi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, müharibə dövründə mövcud vəziyyətdən istifadə edən bəzi hava yolları alternativ istiqamətlər üzrə aviabiletlərdə süni qiymət artımına getmişdi. Bu isə ölkəmizin turizm bazarında mövqeyini zəiflədərək turist axınının minimum səviyyəyə enməsi ilə nəticələnmişdi". Turizmçi hesab edir ki, uçuşların bərpası ilə bu süni qiymət təzyiqi aradan qalxacaq, bazarda daha real və balanslı qiymət siyasəti formalaşacaq: "Nəticədə həm digər istiqamətlərdə qiymətlər nisbətən stabilləşəcək, həm də turist axınında yenidən artım müşahidə ediləcək".

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

Həm gəliş, həm də gediş artacaq

Turizmçi Sürəyya Axundova Asiya istiqamətinə əksər uçuşların Dubaydan həyata keçirildiyi üçün uçuşların bərpasını əhəmiyyətli hesab edir: "Bakı-Dubay-Bakı marşrutu bərpa olunur və yenidən Dubaya turpaket satışı bazara çıxarılır. Eyni zamanda, Dubaydan digər Asiya ölkələrinə gediş-gəliş daha rahatlaşır". Turizmçinin fikrincə, Bakı-Dubay-Bakı reysinin bərpası ilə Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən digər körfəz ölkələrinin turistlərinin Bakıya yenidən gəlişi gözlənilir: "Xatırladım ki, Dubaya məxsus hava şirkəti də Bakıya uçuşlarının sayını artıraraq 3-ə çatdırıb. Bu, həm gəliş, həm də gediş turizminin irəliləməsinə səbəb olacaq".

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

"Turistlərin gəlişi kəskin azalmışdı"

Turizmçi Əfsun Əhmədov da İrandakı müharibənin Azərbaycan turizminə ciddi zərbə vurduğunu bildirir: "Regionda baş verən müharibə səbəbindən Azərbaycanın turizm bazarına çox ciddi zərbə dəydi - turist sayında kəskin azalma yarandı. Quru sərhədlərimiz bağlı olduğu üçün ölkəyə daxil olmaq yalnız hava yolları ilə mümkündür. Dubay hava limanı endirilən zərbələrə görə fəaliyyətini müvəqqəti dayandırmışdı. Bu səbəbdən turistlərin gəlişi kəskin azalmışdı. Hesab edirəm ki, uçuşlar bərpa olandan sonra Azərbaycana gələn turist sayında 2-3 dəfə artım olacaq. Çünki səyahəti öncədən planlaşdıran çoxlu insan var".

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

"Həm turist, həm də turizm vəziyyətin düzəlməsini istəyir"

Turizmçi Vüsalə Sultan-Əhmədi hesab edir ki, hazırda Dubaya səfərlərin əsil vaxtıdır: "Fikrimcə, Bakı-Dubay-Bakı reyslərini tezliklə əvvəlki vəziyyətinə qaytaracağıq. Hətta ümid edirəm ki, daha aktiv olacaq. Digər tərəfdən, Asiya ölkələrinə uçuşların əksəriyyəti Dubay vasitəsi ilə olduğu üçün onlar da dayanmışdı". Turizmçi Dubaya və Təl-Əvivə uçuşların bərpasının ölkəmizdə də turizmin canlanmasına səbəb olacağına şübhə etmir: "Biz bir çox ölkələrə tərəfdaşlarla birbaşa görüşlərə gedirik. Əlcəzair, Mərakeş kimi ölkələrdəki insanların Azərbaycana gəlmək istəyi var. Sadəcə, İrandakı müharibə səbəbindən bir az qorxu yaranmışdı. Çünki turistlər riskli bölgələrdən uzaq durmağa çalışırlar. Bizim İranla qonşu ölkə olmağımız istər-istəməz turizmə təsir edib. Amma hazırda həm turist, həm də turizm vəziyyətin düzəlməsini istəyir".

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

"Sülhün olması turizmin inkişafına birbaşa töhfəsini verir"

Turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, dünyada sülhün olması turizmin inkişafına birbaşa töhfəsini verir: "Çünki turizm xəyali məhsuldur və problem yarananda ona birbaşa təsiri olur. Ona görə də may ayından uçuşların bərpası həm ölkəmizə gələn turistlərin sayına müsbət təsirini göstərəcək, həm də istirahətə gedən vətəndaşlarımıza yol açacaq". Turizmçi hesab edir ki, aşağı büdcəli aviaşirkətlərinin ölkə bazarına daxil olması turizmin inkişafına təkan verəcək: "Artıq Serbiyadan ölkəmizə birbaşa uçuşlar başlayır. Həmçinin Bakı-İslamabad-Bakı və İslamabad-Bakı-İslamabad reysləri açılır. Bu reyslərin açılmasının ölkəmizə gələnlərin sayına müsbət təsir göstərəcəyinə ümid edirik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər